Əməli başında çatlasın gərək,
Cızığından çıxır, yolunu azır,
Hava tutulandan açılanadək
Kölgəm ayağımın altını qazır.
Azı quru, çoxu sudu,
Dünya niyə dağılmasın,
Ərzin nimdaş çuxasıdı,
Dünya niyə dağılmasın?!
Yetər, ibarəli danışma barı,
Çoxdur sən bilməyən peşə dünyada,
Mənim misralarım güllə qatarı,
Nadan ovçusuyam meşə dünyada.
Yetər üstümüzə yağılar güldü,
"Yaniq Kərəmi"yə oynama, oğul,
Bu qalxan toz deyil, bu qalxan küldü,
"Yaniq Kərəmi"yə oynama, oğul!
Gəzməyə çıxmısan, yoxsa ki seyrə,
Səndən soruşuram, cavab ver görək,
Şəhidlər uyuyan müqəddəs yerə-
Sən bu xiyabana niyə gəlmisən?
Elimi-obamı salamat görüm,
Şikəstim olmasın, şilim olmasın,
O kəsdən çəkinim, qorxum ki barı
Dəvəsindən böyük filim olmasın.
Düşsə də gündə yüz kərə
Saca dünyanın əlindən,
Çiçəklər çəkməz əlini
Qoca dünyanın əlindən.
Sevən ürəklərə nə payız, nə yaz,
Bülbül olmayanın gülü də solmaz,
Məni inamımdan döndərmək olmaz,
Eşqimdir bağlayan inama məni.