Gəzməyə çıxmısan, yoxsa ki seyrə, Səndən soruşuram, cavab ver görək, Şəhidlər uyuyan müqəddəs yerə- Sən bu xiyabana niyə gəlmisən?
Beş deyil, on deyil, bir qoşun yatır, Hər biri köksündə qurğuşun yatır, Burda nə qohumun, nə qonşun yatır, Sən bu xiyabana niyə gəlmisən?
Burda yanaqların qurumur nəmi, Burda könüllərin ərimir qəmi, Axınmı gətirib, ya vəzifəmi, Sən bu xiyabana niyə gəlmisən?
Gözünlə od-alov götürməyincə, Köksündə lalələr bitirməyincə, El səni çiynində gətirməyincə, Sən bu xiyabana niyə gəlmisən?
Torpaq intiqama səsləyir səni, Şəhidlərin ruhu izləyir səni, Vətən cəbhələrdə gözləyir səni, Sən bu xiyabana niyə gəlmisən? |