Nə yaman sıxlaşıb ömrümün çəni,
Nə yaman korşalıb yaddaşım, yadım,
Bir vaxt ilk baxışdan sevmişdim səni,
İndi ilk baxışdan tanıyammadım.
Min bir nəğməsi var saz üstə simin,
Sabaha bağlayır ömrü arzular,
Giriş qapısında könül evimin,
Gözlə görünməyən poçt qutusu var.
Şöhrət fişəngində şanın nur saçıb,
Lütf edib, suçuna bir baxarmısan,
Sevdiyin gözələ telefon açıb,
Adsız yüksəklikdə ad çıxarmısan.
Daha xəlbirimdir göydə fırlanan,
Çoxdan ələnibdir ələyim mənim,
Yarımçıq qalıbdır qu nəğmələrim,
Düşübdür əlimdən lələyim mənim.
Arxamca atılan qarmağı qıran,
Tamah kəndirini kəsən balığam,
Adətimdi üzmək axına qarşı,
Köksünü şırnaqlar əzən balığam.
Ürəyimə qida verir,
Nuşdu bu gözlərə baxmaq,
Bəxtiyaram ki, bəxtimə
Düşdü bu gözlərə baxmaq.
Hüsnündə gözəllik duyuram mən də,
Fikrin əzəlidir, sözün başıdır,
Üçrəngli bayrağı yelləndirəndə,
Külək Azərbaycan vətəndaşıdır.
Müəllif