ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Qoy məni dünyadan külək aparsın.

Oxundu: 153

Hüsnündə gözəllik duyuram mən də,

Fikrin əzəlidir, sözün başıdır,

Üçrəngli bayrağı yelləndirəndə,

Külək Azərbaycan vətəndaşıdır.

Müəllif


Qəlbimi qərq edən sükuta rəğmən

Gözümü çıxarır, saçımı yolur,

Bir nəğmə yayılır, elə bir nəğmə,

Söz mənim, musiqi küləyin olur.


Titrəyir qönçələr könül bağında,

Ürəyim gəlmir ki, birini dərim,

Yel əsir ömrümün xəzan çağında,

Tökülür dibimə xatirələrim.


Min oyun çıxarır vəhşilər kimi,

Külək gah ulayır, gah nərə çəkir,

Hardan bilmək olar, səadətdimi,

Yoxsa fəlakətdi yedəyindəki?!


Əsib ürəkləri didəndən sonra

Duyuruq hökmünü bitirdiyini,

O da bir qonaqdır, gedəndən sonra

Görürük gələndə gətirdiyini.


Qarnı tox olsa da, gözləri acdır,

Dərələr usanıb, duman-çən bezib,

Yelkənli qayıqlar yelə möhtacdır,

Yelkənsiz qayıqlar küləkdən bezib.


Tamah üstələməz imanı, dini,

Göylərin qiyamət qoparmağı var,

Kələyin misqalla gətirdiyini

Küləyin batmanla aparmağı var.


Oynadır atını tufan içində,

Qəfil aralığı qatandır külək,

Rastına çıxanı bir an içində

Vurub dağıdanda atamdır külək.


Mötəbər məqamdır mən ucaldığım,

Sözüm cahillərə kəsilir qənim,

Üz-üzə gələndə məmnun qaldığım,

Yeganə rəqibim küləkdir mənim.


Zərbə-zorbaları unutmuşam mən,

Çünki yetirmişəm qorxunu qətlə,

Küləkdə qəddimi dik tutmuşam mən,

Yelə əyilmişəm məmnuniyyətlə.


Allah ətəyindən yapışır bəndə,

Qulam, əyilirəm şahım dağlara,

Külək aparmasa, mən kövrələndə

Heç yetə bilərmi ahım dağlara?!


Şəfadır ruhumda gəzintiləri

Dərdimi hardasa itirib gəlir,

Tanrı dərgahının əsintiləri

Anamın ətrini gətirib gəlir.


Qulaq kəsilirəm adi səsə də,

Çıraq sönmək üzrə, mənzil uzaqdır,

Sözümü mələklər yetirməsə də,

Küləklər Tanrıya çatdıracaqdır.


Küləkdir, gəzirəm çölü-çəməni,

Gözüm yumulanda könlümə varsın,

Küləkli havada dəfn edərsiniz,

Qoy məni dünyadan külək aparsın.




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov