Haqqına ucaldı, haqqa baş əydi,
Alqışlar qazandı ərməğan kimi,
Nəfsini vaxtında öldürməsəydi,
Yaşaya bilməzdi bir insan kimi.
Nə belə yanırsan, günəşüzlü qız,
Nə boyun bükürsən, durnagözlü qız,
Qərarım qətidi, sözüm sözdü, qız,
İthaf şeirləri yazmayacağam.
Göy üzü buludlu, hava da sərin,
Ağaclar elə bil yas tutubdular,
Toy sarayalarındı, vay həyətlərin,
Mağarlar kədərdən pas tutubdular.
Arif olan xam xəyala qapılmaz.
Qeybə çəkər əyri gözdən tiri pul,
Bir fürsətdi, itirilsə tapılmaz,
Bir quşdu ki, uçsa, dönməz geri pul.
Qış gəlir, kənd-kəsək qərq olur qara,
Titrəyir böyük də, əsir uşaq da,
Kimin geyinməyə paltarı yoxsa,
Onu öz əyninə geyinir şaxta.
Sirr kimi saxlayıb sirri babalar,
Dur o nağılları harayla, çağır,
Bizi aldadıbdı Piri babalar,
Göydən alma düşmür, göydən daş yağır.
Mükəddər bir qadın, məyus bir qadın,
Durub pəncərədən baxır həyata,
Düşünür, bu şoran dünyada çətin
Fidan arzuları bitə, boy ata.
Yeriyir üstünə dərd yığın-yığın,
Adamı məzar tək udur qayğılar,
Adı bədnam olmuş qəbristanlığın
Çölündə içindən artıq ölü var.