Göy üzü buludlu, hava da sərin, Ağaclar elə bil yas tutubdular, Toy sarayalarındı, vay həyətlərin, Mağarlar kədərdən pas tutubdular.
Toy saraylarınmı?- nə axmaq fikir, Həyət yaranmayıb hüzür götürsün, Kişilər ev tikib həyət salıb ki, Oğul toyu görsün, qız toyu görsün.
Hər evin-eşiyin öz ölüsü var, Birini tapanda, birini tapmır, Toydan agah olur nigaran ruhlar, Uçur havasına, yerini tapmır.
Həyətlər kimsəni qınaya bilmir, Boylanır nigaran-nigaran evlər, Gələn gəlinini tanıya bilmir, Gedən qızlarını axtaran evlər.
Oylağımız olub cığırı, diki, Məskənimiz varsa, nə alçalırıq?! Hər həyət balaca bir vətəndi ki, Onu da öləndə yada salırıq.
Vallah, əlimizdən çox imkan çıxıb, Alışıb-yanırıq ömrümüz boyu, Bizim həyətlərin yadından çıxıb Nə vaxt olubdusa son mağar toyu.
Bizə heç yaraşmaz bu basmaqəlib, Bu payız toyları, bahar toyları, Nahaq dəbdən düşüb, nahaq köhnəlib, Nahaq unudulub mağar toyları.
Gözünü dikibsə bir toy səsinə, Sevinci ilişib düşübsə tora, Bir həyət möhtacsa toy məclisinə, Hüzür məclisi də düşməsin ora.
Bağla darvazanı, cəftəni bərk sıx, Keçməsin içəri çölün havası, Toya açılmayan həyət qapısı, Vaya da, vaya da heç açılmasın!
Nifrətim dərindir, dəryadan dərin, Çıxar lap içimdən bayquş səsi də, Toyunu sarayda keçirənlərin, Sarayda qoyulsun cənazəsi də!
O güllər, çiçəklər açılsın bir də, Ürəklər dərd-qəmə dar olsun gərək, Bir hüzür çadırı qurulan yerdə, İki toy mağarı qurulsun gərək! |