Nə belə yanırsan, günəşüzlü qız, Nə boyun bükürsən, durnagözlü qız, Qərarım qətidi, sözüm sözdü, qız, İthaf şeirləri yazmayacağam.
Qəlbimi saz kimi çalasına da, Düşüb tarixlərdə qalasına da, Lap elə peyğəmbər balasına da İthaf şeirləri yazmayacağam.
Çox kişilər kişi qırığı çıxdı, Qaçdı, ayağının çarığı çıxdı, Hansına söz qoşdum, "fırığı" çıxdı, İthaf şeirləri yazmayacağam.
Yazdığım üstümə qayıdıb gəlir, Sərxoş kəlmələrim ayılıb gəlir, Daha ilhamıma hayıfım gəlir, İthaf şeirləri yazmayacağam.
Sirlərin dumanı dağılmayınca, Qələmim göylərə toxunmayınca, Alın yazıları oxunmayınca İthaf şeirləri yazmayacağam. |