Daha ürəyimi isitmir odun,
Bağışla, bağışla, bağışla məni,
Gələndə qayğıyla qarşılamışdın,
Gedirəm, yola sal qarğışla məni.
Parça-parça oldu hıçqırıqların,
Gözünün yaşını tökmədilərmi,
Mənim ürəyimdən çıxarıb səni,
Özgə dibçəyinə əkmədilərmi?!
Səadət gətirsin, sevinc gətirsin
Qızların toyuna nişan üzüyü,
Yarın barmağından çıxmasın əsla,
Düşməsin oyuna nişan üzüyü.
Solmazdıq baharın həsrətində biz,
Payız olmasaydı, qış olmasaydı,
Sevinc barəsində düşünərdikmi,
Ağlayan gözlərdə yaş olmasaydı?!
Ay mənim dünyaya gəlməmiş oğlum,
Ay mənim dünyaya gəlməmiş qızım,
Siz Allah, deməyin çaşıbdır ağlım,
İstəyirəm sizə bir məktub yazım.
Mən unut deyirəm, ürək unutmur,
Daha ürəyimdən küsmüşəm, gülüm,
Ürəklə dostluğu, mehribanlığı
Qəzəb qayçısıyla kəsmişəm, gülüm!
Bir gözəl sevirdim üzü bahara,
Məni göyərdirdi yaz yağışları,
İlk dəfə duyurdum necə məsumdur,
Necə müqəddəsdir qız baxışları.
Yox, aça bilmərəm bu məktubu mən,
Bu məktub bir sual işarəsidir,
Həsrətdən toxunub ya ilmə-ilmə,
Ya da bir vüsalın nişanəsidir.