Sənə rast gələnə sən sevinc payla,
Sürünmə yol boyu duman-çən kimi,
Səni göndərirəm xeyir-duayla,
Ən uzaq səfərə göndərən kimi.
Yoların möhnətlisi,
Taledən qismətlisi,
Aydan arı hüsnünün,
Mənim tək həsrətlisi-
Bizdən sizə gedən yol.
Nələr etdiyini düşündünmü sən,
Çəkdiyim həsrətin budurmu barı,
Qəlbimi odunda isitməmişdən,
Ələdin başıma şaxtanı-qarı.
Daha ürəyimi isitmir odun,
Bağışla, bağışla, bağışla məni,
Gələndə qayğıyla qarşılamışdın,
Gedirəm, yola sal qarğışla məni.
Parça-parça oldu hıçqırıqların,
Gözünün yaşını tökmədilərmi,
Mənim ürəyimdən çıxarıb səni,
Özgə dibçəyinə əkmədilərmi?!
Səadət gətirsin, sevinc gətirsin
Qızların toyuna nişan üzüyü,
Yarın barmağından çıxmasın əsla,
Düşməsin oyuna nişan üzüyü.
Solmazdıq baharın həsrətində biz,
Payız olmasaydı, qış olmasaydı,
Sevinc barəsində düşünərdikmi,
Ağlayan gözlərdə yaş olmasaydı?!
Ay mənim dünyaya gəlməmiş oğlum,
Ay mənim dünyaya gəlməmiş qızım,
Siz Allah, deməyin çaşıbdır ağlım,
İstəyirəm sizə bir məktub yazım.