Hamı haqqa baxır, haqqı görən yox,
Eynək mərkəzdədi, göz əyalətdə,
Oxuyan Əlidir, oynayan Vəli,
Çalğı mərkəzdədi, səs əyalətdə.
Adlıqdaydım, çıxışlığa çatmışam,
Tanrı salır haldan-hala, gedirəm,
Torpaq üstə əriyirəm qar kimi,
Varaq üstə qala-qala gedirəm.
Şərqilər bitərdi dodaqlarımda,
Gözümüz-könlümüz onda toxuydu,
Yeri oynadardım ayaqlarımda,
Heç kimin bu boyda topu yoxuydu.
Yoxluğun qəlbimi dəlib
Göz aşdı xalınca, ana,
Tikanlar üstə gəzirəm,
Ayağı yalınca, ana.
Nura can atırdı çiçəklər, güllər,
Dərd yağır etmişdi yollarımızı,
Çəkib boyumuzu uzadan illər
Uzada bilmədi paltarımızı.
Yol verin, ölüm çəkilsin,
Rəvamı zülm çəkilsin,
Üfürün, külüm çəkilsin,
Közümü göstərin görüm.
İlişib qalmısan səhərdən bəri,
Axa da bilmirsən buludlar kimi,
De, hansı dəryadan buxarlanmısan,
Yağa da bilmirsən buludlar kimi.
Yurdundan ayrı düşənin,
Damağı daddan olurmuş,
Qapısı qonaq-qaradan,
Ocağı oddan olurmuş.