Hamı haqqa baxır, haqqı görən yox, Eynək mərkəzdədi, göz əyalətdə, Oxuyan Əlidir, oynayan Vəli, Çalğı mərkəzdədi, səs əyalətdə.
Ta biri-birinə atan da bildi, Qurd kimi üz-üzə yatan da bildi, Alan da anladı, satan da bildi, Arşın mərkəzdədi, bez əyalətdə.
Bir ac qonağıyam acı xəyalın, Görürəm, sənin də dəyişdi halın, Ay kabab iyinə yol gələn zalım, Manqal mərkəzdədi, köz əyalətdə.
İndi hara baxsan, örüş yeridi, Demə əvvəlki tək görüş yeridi, Dövran nə amansız yeriş yeridi- Oğlan mərkəzdədi, qız əyalətdə.
Açılır budaqda qəm yarpaq-yarpaq, Qoynu boş qalıbdır, ağlayır torpaq, Elin süfrəsində bölgüyə bir bax, Çörək mərkəzdədi, duz əyalətdə.
Anam təbiətin neçə sirri var, Min tufan qoparar, min büsat qurar, Orda tərləyəni burda don vurar, Buxar mərkəzdədi, buz əyalətdə.
Çəmənim qoşmadı, çölüm bayatı, Bulağın şərqisi ağzımın dadı, Əziz, vay halına ədəbiyyatın Şair mərkəzdədi, söz əyalətdə. |