| Gözlərin yol çəkir yol qırağında, Baxışından baxış oğurlayıram, Damlalar süzülür yanaqlarına, Yağışından yağış oğurlayıram. 
 Çıxarıb yolumun üstünə səni, Sınağamı çəkir yaradan məni Basırsan bağrına çölü-çəməni, Ağuşundan ağuş oğurlayıram. 
 Bəxt mənə söyləyir, açıb qoynunu, Gözlə, macəranın gözlə sonunu, Meh əsib tərpədir güllü donunu, Naxışından naxış oğurlayıram. 
 Bu sevgi haqqındır, haqqını tanı, Unut birdəfəlik şöhrəti-şanı, Sel kimi çağlayır damarda qanın, Axışından axış oğurlayıram. 
 Gülürsən telinə külək dəyəndə, Sevgi nəğmələri bəstələyəndə, Sən haqqa, mən sənə şükr eləyəndə Alqışından alqış oğurlayıram. |