Şirinindən, acısından xəbərsiz, Qardaşından, bacısından xəbərsiz, Taleyini haçasından xəbərsiz, Bir qız vardı mənim könül dünyamda.
Ahu balasıydı, azıb gəlmişdi, Çeşməydi, dağlardan sızıb gəlmişdi, Adımı alnına yazıb gəlmişdi, Bir qız vardı mənim könül dünyamda.
Daş yağsa, göylərə yenə yapınan, İmana üz tutub, dinə tapınan, Mənə can qızdıran, mənə tapınan Bir qız vardı mənim könül dünyamda.
Gözlərimdən haçan itdi, bilmədim, Sağa getdi, sola getdi, bilmədim, Hara düşdü, harda bitdi, bilmədim, Bir qız vardı mənim könül dünyamda.
Yatammıram, o yuxuma girəli, Mən yananda su tökərdi bir əli, Atasından, anasından irəli Bir qız vardı mənim könül dünyamda.
Kəhərimi ləng sürürəm, çapmıram, Cığırları düz keçirəm, sapmıram, Gecə-gündüz axtarıram, tapmıram, Bir qız vardı mənim könül dünyamda.
Kövrəlməyin yeri yoxdu, a dostlar, Ağlasam da xeyri yoxdu, a dostlar, Biri vardı, biri yoxdu, a dostlar, Bir qız vardı mənim könül dünyamda. |