Hər kəsdən paksa da, hər kəsdən zərif, Yoxdur dodağında dodaq izləri, Qan-yaş axıtmayıb hələ gözləri, Mələklər nə bilir məhəbbət nədir?!
Bulud qovulmursa, nur saçılmırsa, Könüllər mehrinə möhtac olmursa, Nəfəsi dəyəndə gül açılmırsa, Küləklər nə bilir məhəbbət nədir?!
Yumaq tək açıla ömür-gün yolu, Bir bağa girəsən ətirlə dolu, Od-alov görəndə pərvanə olur, Böcəklər nə bilir məhəbbət nədir?!
Məftunu olmuşuq illər boyunca, Boldu rayihəsi, udaq doyunca, Dərilib döşlərə taxılmayınca, Çiçəklər nə bilir məhəbbət nədir?!
Əsrin möcüzəsi, sehri olmayan, Məscidi, məbədi, piri olmayan, Qızların yaşayış yeri olmayan, Ürəklər nə bilir məhəbbət nədir?! |