Çıxar sərin sahilinə gündüzün, Qəlb kövrələr, zövq incələr gecələr, Açıq qalar könüllərin qapısı, Şeir gələr, nəğmə gələr gecələr.
Səpələnər yuxulara qar kimi, Ay işığı-asimanın tilsimi, Ehtiraslar sönər işıqlar kimi, Yer uyuyar, göy dincələr gecələr.
Çırağıdır nurlu camal qəlblərin, Mayağıdır qayə, amal qəlblərin, Əllərində qara dəsmal, qəlblərin Aynasından tozmu silər gecələr?!
Ha çəkərik, kəndirimiz uzanmaz, Ömrümüzün üfüqləri qızarmaz, Yatanlara layla çalar, usanmaz, Oyaqlara yuxu dilər gecələr.
Aha dönər, qopar sözlər sinəmdən, Tanrım, məni ayırma bu sitəmdən, Dərs alıbmı, öyrənibmi nənəmdən, Ələyində ulduz ələr gecələr?!
Gəncliyimiz qocalığa beh kimi, Vaxt darayar saçımızı meh kimi, Xəyallara şəbnəm kimi, şeh kimi Səpələnər düşüncələr gecələr.
Duman olub dağ döşünə çökərik, Hirsimizi-havamızı tökərik, Nə zülmlər, nə zillətlər çəkərik, Kimsə duymaz, Tanrı bilər gecələr. |