Şəkərsən bu sayaq, noğulsan belə, Bal çəkən arıyam davranışından, Ata ocağında doğulsan belə Sən bizim evlisən yaranışından.
Şanlıdır tarixi bu sevgimizin, Bir el qüruruna döndüyü gündən, Yanan çırağısan sən evimizin, Anam günəş kimi söndüyü gündən.
Çatlayar təməli, boynunu bursan, Zülməti səninlə devirir bu ev, Harada dayansan, hayanda dursan, Üzünü o səmtə çevirir bu ev.
Gülüşlə bəzəyək gəl çöhrəmizi, Uçurlar bu evə sarı balalar, Odlu məhəbbətlə sevirlər bizi, Bizim sevgimizin barı balalar.
Oğul yad çəpəri, qız gül qönçəsi, Sən gərək özünü xoşbəxt sanasan, Bir qəşəng gəlindin illər öncəsi, İndi də bir gözəl qayınanasan.
Zirvəyə ucalır bu eşqin izi, Nə vaxt var, nə məkan dincliyimizə, Övladlar bu günə bağlayır bizi, Nəvələr aparır gəncliyimizə.
Kəhkəşan yoludur başladığımız, Hər addım bir həyat imtahanıdır, Səninlə bərabər yaşadığımız İllər ilahinin ərməğanıdır.
Demərəm, üstümdən nəzərini çək, Quş olub köksündə yuvalanaram, Bir də bu dünyaya qayıda bilsək, Mən səni görməsəm, havalanaram. |