Aləmə yaymışdı bu əl səsini,
Var-dövlət, cah-cəlal axtarmağıyla,
İsgəndər dünyanın beş qitəsini,
Tutmaq istəmişdi beş barmağıyla.
Körpə uşaq kimi küsəyən olub,
Dindirə bilmirəm mən ürəyimi,
Düşdüyü cığırdan, getdiyi yoldan
Döndərə bilmirəm mən ürəyimi.
Qınağa görəmi iman da, din də,
Şeytanın əməli bir görəcəkdi,
Bir adam tapmadı adam içində,
Fizuli dərdini dağlara çəkdi.
Mən daha siqaret çəkməyəcəyəm,
İnciklər, küsülər azalsın bir az,
Dünyadan tüstülər azalsın bir az.
Ürəyim partlayır bu səhər, Allah,
Ömür parça-parça, gün pərən-pərən,
Qırxı yola saldım birtəhər, Allah,
Yetkinlik yaşıma nə qaldı, görən?!
Göylərin min cürə möcüzəsi var,
Sən demə, bu yağış havası imiş,
Daraşdı köksümə söz-qarışqalar,
Ürəyim qarışqa yuvası imiş.
Gündüzün ovcundan düşdüm gecəyə,
Yuxu əl uzadıb açdı düyməmi,
Yorğunluq üstümdə dil deyə-deyə
Tabut çarpayıya uzatdı məni.
Bir dəqiqə sükut... bu matəm günü,
Qəhərdən boğulaq, gözümüz dolsun,
Qoy hər kəs yad etsin öz ölüsünü,
Hərə öz dərdinə başdaşı olsun.