Dünyanın heyrəti gözlərindədi, Mələklər sətrinə yaz uşaqları, Yeri asimandı bu ulduzların, Göyün yaxasına düz uşaqları.
Hər uşaq ürəyi bir Tanrı yolu, Ürək sındırarmı heç insan oğlu, Hər yerdə, hər zaman həmdəmi olub Eyləyək qəmini az uşaqların.
Sözündə hikmət var, sözünü dinlə, Süzmə körpələri qəzəblə, kinlə, Hər şeyi bağlama sən dünəninlə, Olmurmu hər dövrün öz uşaqları?!
Bilmirəm, yolçusan, yoldan ötənsən, Azarsan yolunu dumansa, çənsə, Həyata bağlanmaq istəyirsənsə, Qucaqla, bağrına bas uşaqları.
Bu yaz səhərində şeh çıxır dizə, Səpilib körpələr tarlaya, düzə, Oğlan uşaqları bir çəməndirsə, Çəməndə çiçəkdir qız uşaqları. |