Xəzələ qərq edir yolu, səkini, Torpağına səpir, daşına səpir- Qızıl yarpaqları qızıl pul kimi Payız yolçuların başına səpir.
Yer kimi, göy kimi kövrəlir ürək, Gəlir qulağıma hicranın səsi, Budur yarpaq-yarpaq qəlpələnərək, Əriyib tökülür çinar kölgəsi.
Yenə qönçələrin gözləri donub, Otlar maddım-maddım baxır dünyaya. Hər çinar ağacı bir topa bulud, Xəzan yağışları yağır dünyaya.
Özüm öz içimdə qovruluram mən, İncəlib üzülən ümid yerimdir, Çətir yarpaqlardan sallanıb düşən, Qanadı qırılmış ümidlərimdir.
Döyükə-döyükə qalmışam belə, Qəfil möcüzəyə ümüdvar kimi, Görüşə gedirəm qarlı qış ilə- Yarpağı tökülmüş ağaclar kimi. |