Bir soyuq baxışdan donanada qəlbim Gözündən od-alov götürərdim mən, Səni səndən gizli, hamıdan gizli, Qaldığın evəcən ötürərdim mən.
Deyərdim, dözməyib bu dərdə-dağa, Ataram sinəmdən asılan daşı, Eh, gedib çıxardıq elə uzağa, Azardım hər dəfə qayıdan başı.
Sən tanımasan da, tanıdı məni Sizin küçənizdə yaşayan hər kəs, Biri acıladı, qınadı məni, Biri sevindirdi: nə gözəl həvəs!
...Möhnət içəridən qəlbimi didir, Bax bunu yaxşıca bilirsən özün, Yenə o küçədə iki gənc gedir, Biri sevgilindi, biri sən özün.
Başqa arzulara verib qəlbimi, Səni unutmağa çalışsam da mən, Qohum-qonşuların salam verəndə, Sən istər-istəməz yada düşürsən! |