Mən elə bilirdim döyüşdə səni Yağılar vuranda əlil olmusan, Sən demə, həyatın sərt küləkləri Səni qovuranda əlil olmusan.
Bağrının başını yandırıbdılar, Damarda qanını dondurubdular, Səni yavaş-yavaş sındırıbdılar, Kim deyir, bir anda əlil olmusan?!
Şam tək əridikcə sən damla-damla, Solub ürəyində arzular, kamlar, Təmənna xətrinə əyri adamlar, Düz işi buranda əlil olmusan.
Sən ki güvənmisən düz ilqarına, Dönük çıxmamısan etibarına, El sənin fərari yaşıdlarına Toy-büsat quranda əlil olmusan.
Adam yanmalıdır bişməkdən ötrü, Yaxşını yamandan seçməkdən ötrü, Nadan qəbuluna düşməkdən ötrü Növbədə duranda əlil olmusan.
Yox, yox sən qorudun aranı, dağı, Dayandı qarşında qaniçən yağı, Raketlər, mərmilər ana torpağı Göyə sovuranda əlil olmusan.
Anlayır cavanlar, duyur ahıllar, Köksünü yandıran odlu ahın var, Yadlar ayağını deyil, yaxınlar Qəlbini qıranda əlil olmusan. |