Harın hardan bilsin ac qalmaq nədir, Başı gicəllənir dövlətdən-vardan, Bütün yeyilənlər tükənməkdədir, Yalnız yeyənlərdir ürüyüb artan.
Bir də görərdin ki, üzüsabaha Sürülər duman tək dağı bürüdü, Çobansız sürülər nə gəzir daha, Sürüsüz çobanlar sürü-sürüdü.
“Bulaqlar”, “zəmilər”əskilməkdədir, Qələm sərgiləyir dərdi kağıza, Qoyunların kökü kəsilməkdədir, Durub canavarlar ağız-ağıza.
Göyərir sürətlə çayır, çöl-çəmən, Quzular qurdlara verir yerini, Rastına qoyunlar düşmədiyindən Didir canavarlar biri-birini.
Yolu-yolağanı boş dolaşması, Yalavac qalması gəlir çox baha, Tutur qulaqları qurd ulaşması, Quzu mələrtisi duyulmur daha.
Nəfsi itilikdə süngüdür, oxdur, Perikir yolların hər qarışında, Daha iy bilməyən canavar yoxdur, Mahirdir qurd quzu axtarışında.
Yamaclar yəhərdir, yollarsa yüyən, Fikri qarışandı canavarların, Yüz qoyun öldürüb, birini yeyən Halı pərişandı canavarların.
Həyat məktəbində dərs verir zaman, Yorğun yolçusudur qəm uzaqların, Qoyun qanı axır yaralarından Çarpışan, didişən yalquzaqların.
Fələk ədalətin hökmüylə bu an Qoymur gözlərində qala kamını, Bir-birini yırtan canavarlardan Alır qoyunların intiqamını. |