Evin yıxılmasın, a Mirzə Cəlil, İxtiyar qocanı etmisən zəlil, Gəzir kənd-kəsəyi, dolaşır eli, Məmmədhəsən əmi eşşək axtarır.
A kişi, bir belə nainsafmısan, Xalqı silkələyən əsər yapmısan, Sən bizə münasib adam tapmısan, Məmmədhəsən əmi eşşək axtarır.
Didərgin düşübdü yurd-yuvasından, Allaha yalvarır hər duasında, Bu dünya dediyi qurd yuvasında Məmmədhəsən əmi eşşək axtarır.
Xırda gözlərində gilələnir yaş, O "könül həmdəmi" tapılaydı kaş, Bu eşşəköldürən soyuqda, qardaş, Məmmədhəsən əmi eşşək axtarır.
Başı bəlalıdır, ürəyi dağlı, Çoxalıb söyüşü, korşalıb ağlı, Belə dördayaqlı, uzunqulaqlı, Məmmədhəsən əmi eşşək axtarır.
Xam oğlu xamların yanından keçib, Yolda yatanların yanından keçib, Şıllaq atanların yanından keçib, Məmmədhəsən əmi eşşək axtarır.
Yersiz hay-haraydan gəlibdi cana, Əl basıb, and içər hər an Qurana, Sevincək boylanır hər anqırana, Məmmədhəsən əmi eşşək axtarır.
Kişini alçaldıb, ələ salmayın, Məsxərəyə qoyub, çəpik çalmayın. Tutar yaxanızdan, eşşək olmayın, Məmmədhəsən əmi eşşək axtarır. |