ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Kor ol, bulaq, düşmən içir o suyu

Oxundu: 215

Başım çəkənləri yad etsəm bir-bir,

Onda qalaq-qalaq kitab bağlaram,

Dağlıq Qarabağa gör neçə ildir

Dağlı Qarabağım deyib ağlaram.

          Müəllif


Abşeronda hər qayanın, hər dağın,

Hər süxurun çatlamağı nə deyir,

Qarabağda həsrət çəkən torpağın,

Bakıdamı partlayıbdır ürəyi?!


Su həsrətdir nəğməsinə quların,

Soruşmuşam Qaragölün özündən,

Allah, rəngi qızarıbdır suların,

Qanmı sızır çeşmələrin gözündən?!


Köksündəki alova bax, oda bax,

Dinəmmirəm, dodağımı yandırır,

Elə qızıb qəzəbindən bu torpaq,

Qarda belə ayağımı yandırır.


Möhnətini çəkir ötən çağların,

Yel də əsmir, dərdlərini yayalar,

Boyu yaman alçalıbdır dağların,

Dikəldəmmir qamətini qayalar.


Üzr istəyib bizdən həssas daşlardan,

Gərəkdimi hər sirrimi açam mən?!

Yurda salam göndərirəm quşlardan,

Qanadlarım açılmır ki, uçam mən.


Yurd həsrəti qəddimizi əymirsə,

Bu, köksümdə sağalmayan yaramdır,

O yerlərə ayağımız dəymirsə,

Burda gəzib dolaşmaq da haramdır.


Kor ol, bulaq, düşmən içir o suyu,

Tükənərmi dərdi, qəmi yurdumun,

Burda bülbül, orda bayquş oxuyur,

Var cənnəti, cəhənnəmi yurdumun.


Məhəbbətim qarışıbdır nifrətə,

Üzüm gülür, gözüm nəmdir, ay ellər,

Cəhənnəmim dönməyincə cənnətə,

Cənnətim də cəhənnəmdir, ay ellər!  


15.12.2012




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov