Yanaqların çiçək kimi Solunca getmisən, ata, Səni axtaran fələyin Dalınca getmisən, ata.
Yazıb ömür dastanını, Ucaltmısan ad-sanını, Ayrılıq çəkib canını Qılınca, getmisən, ata.
Öyünüb vəfalı yarla, Dedin parla, günəş, parla, Səman qara buludlarla Dolunca getmisən, ata.
Duyub acını söyüdlər, Qardaş-bacını söyüdlər, Salxım saçını söyüdlər Yolunca getmisən, ata.
Çəkdiyini bilməz naşı, Qan saçıb bağrının başı, Yaşın peyğəmbərin yaşı Olunca getmisən, ata. |