Küncə sıxılardı dəcəlliyimiz, Görəndə atamın dağ vüqarını, Anam köynəkləri yaxalayardı, Atam evin nadinc uşaqlarını.
Günlərlə görməzdik çəpərdən çölü, Elə yazığımız gələrdi kəndə... Uşaq qəlbimizdə dünya qopardı, Atam barmağını sirkələyəndə.
Utanıb, çəkinib əməlimizdən, Siçan yuvasına girib gələrdik, Barmaq buynuzuna alardı bizi, Gedib o dünyanı görüb gələrdik.
Barmaq yox, "qadağan" işarəsiydi, Soğan doğrayardı əhvalımıza, Qəzəb tətiyinin üstəydi sanki, Nə vaxt çəkilsəydi, vay halımıza!
İndi anlayıram çox həqiqəti, Ondan miras qalıb bizə bu qürur, Bizi nizamlıyan ata zəhmidir, Özü köçüb gedib, barmağı durur. |