Axıb gözlərimdən dağların seli, Kəsib nəfəsimi qiblənin yeli, Sazım sızlatdıqca obanı, eli, Özüm öz içimdə boğulmuşam mən, Eşqinlə yenidən doğulmuşam mən.
Bu yerin doğması, yadı başqadır, Çəməni, çiçəyi, otu başqadır, Alovu başqadır, odu başqadır, Öz köhnə dünyamdan yox olmuşam mən, Eşqinlə yenidən doğulmuşam mən.
Hicranı dən kimi üyütmək üçün, Atımı dördnala səyirtmək üçün, Sənin sözlərini göyərtmək üçün Anamın üzünə ağ olmuşam mən, Eşqinlə yenidən doğulmuşam mən.
Məhəbbət yolunu seçib biryolluq, Sədaqət andını içib biryolluq, Köhnə evimizdən köçüb biryolluq, Sənin ürəyinə yığılmışam mən, Eşqinlə yenidən doğulmuşam mən.
Əziz, sürünürdüm, ilan kimiydim, Yolçuydum, yollarda qalan kimiydim, Yalançı dünyada yalan kimiydim, Dünyamı dəyişib doğrulmuşam mən, Eşqinlə yenidən doğulmuşam mən. |