Uçmaq arzusuyla çox qanad gərdim, Yorulub çul düşdüm günbatan vaxtı, Gözüm yumulanda bir yuxu gördüm, Gözüm açılanda çin olacaqdı.
Gördüm qarış-qarış düşürəm ruhdan, Dönür Everestə ruh yüksəkliyi, Boylanıb heyrətlə baxdı Marian, Nə dibsiz olurmuş dərd çökəkliyi?!
Keçsə də həyatım söz qovğasında, Sinəm biçilməmiş taxıl zəmisi, Gördüm, qərq oluram qəm dəryasında, Bilmədim, hardadır, Nuhun gəmisi.
Duydum sifətimdə səmum yelini, Gördüm, ayrı düzən, ayrı nizamdı, Yalvardım, İlahi, yetir əlini, Qəfil qaranlıqdan bir əl uzandı.
Baxdım ki, özümə gəlməkdəyəm mən, Ruhum pərvazlandı, ürəyim dindi, Ayıra bilmədim, məni hifz edən O əl Tanrınındı, yoxsa sənindi?! |