Mən bizim gənclərə ulu Tanrıdan
Əbədi səadət arzulayıram,
Qışın şaxtasında, qarında belə
Sönməyən məhəbbət arzulayıram.
Bu gidi dünyanın faniliyini
Gərək dönə-dönə dərk eləyəsən,
Sınayıb, sınaqdan çıxarmadığın
Kimsəyə nəbadə ərk eləyəsən.
Hər dövrün öz hökmü, öz hikməti var,
Hürkürəm tökülən yarpaqlarımdan,
Kəlməni maqqaşla çıxarardılar,
İndi söz tökülür dodaqlarımdan.
Bilmirəm qəmlənim, yoxsa sevinim,
Fələk qəzəbini bərk edən gündü,
Bir ellər gözəli ata evini,
Bir ana dünyanı tərk edən gündü.