Əzizov Mirdanət Yusif oğlu 1960-cı ildə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində dünyaya göz açmışdır. Orta təhsilini doğma kəndində alan Mirdamət Əziz 1983-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmiş və elə həmin ildən Ağdaş rayon Ağcayazı kənd məktəbində Rus dili müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1987-ci ildən Ağdaş rayon İcra Hakimiyyətində işləməyə dəvət olunan Mirdamət Əziz ömrünün sonuna kimi burada müxtəlif vəzifələrdə çalışmışdır. Ailəlidir, iki övladı və 4 nəvəsi varddır. Hələ məktəbli vaxtlarından şeir yazmağa maraq göstərən Mirdamət tələbəlik dövründə oxuduğu İnstitutun gənc şairi kimi tanınmağa başlamışdır. Yazdığı şeirlərlə insanların ədəbiyyata olan marağını artırmağı bacaran Mirdamət Əziz 1999-cu ildə Azərbaycan Yazıçılar birliyinin üzvü və 2005- ci ildən vəfatına kimi Azərbaycan Yazıçılar birliyinin Şirvan bölməsinin sədri olmuşdur. Mirdamət Əziz 2009-cu ilin Prezident təqaüdçüsüdür. 4 şeir kitabı “"Cavab məktubu", "Qaranlığa düşən işıq”, "Gözəl çöhrələrdən açılır səhər" və "Haqqın bayrağını endirməmişəm"” müəllifi olan Mirdamət Əzizin şeirləri tez-tez dövri mətbuatda çap olunur, televiziya və radiyo vasitəsi ilə səsləndirilir. Şeirlərinə bəstələnmiş mahnılar bir sıra tanınmış müğənnilər tərəfindən ifa olunur. Mirdamət Əziz 2016-cı ilin dekabr ayının 7-də vəfat etmişdir.
|